14
Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts martın 14-də birgə mətbuat konfransı keçirmişdirlər.
Mətbuat konfransında çıxışı zamanı Prezident İlham Əliyev regional təhlükəsizlik məsələsinə toxunmuş, Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı Azərbaycanın mövqeyini bildirmiş, Birinci Qarabağ müharibəsinin nəticəsində 20 faiz Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalı altında qaldığı və bir milyon azərbaycanlının Ermənistan tərəfindən öz doğma torpaqlarından qovularaq qaçqın-köçkün vəziyyətinə düşdüyü barədə Almaniyanın mətbuat nümayəndələrinə məlumat vermiş, lakin iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdiyimizi, Ermənistanı məğlub edərək bizim torpaqlarımızdan çıxmağa məcbur etdiyimizi bildirmişdir. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistanın cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olduğunu vurğulayan Prezident İlham Əliyev indi isə sülhün zamanının çatdığını qeyd etmişdir. Bildirmişdir ki, biz Ermənistana sülh və 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik və ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır.