21
Sentyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olmuşdur. Uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcəkdir.
Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınmışdır. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaqdır. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcəkdir. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.
Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Uzunluğu 354,4 metr olan T2 tunelində giriş istiqaməti üzrə 115,8 metr qazma işləri görülmüşdür. Uzunluğu 448,7 metr olan T5 tunelində çıxış istiqaməti üzrə 331 metr qazma işləri aparılmışdır. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri yerinə yetirilmişdir. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülmüşdür. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir. Layihələndirilən digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulmuşdur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaqdır.
Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün təməlin hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi borunun inşası işləri davam etdirilir. Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulmuşdur.