LAÇIN
11
İyul2026
Hoçaz çayı üzərində su-elektrik stansiyalarının açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su-elektrik stansiyalarının onlayn formatda açılışında iştirak etmişdir.
14,7 MVt gücündə “Ağbulaq-1” su-elektrik stansiyası layihəsi çərçivəsində müasir baş suqəbuledici qurğu tikilmiş, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda və 1200 millimetr diametrində derivasiya boru xətti çəkilmişdir. Stansiyada ildə 93,2 milyon kilovat-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaqdır.
14,25 MVt gücündə “Ağbulaq-2” su-elektrik stansiyasının enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilmiş, su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilmişdir. Stansiyada ildə 87,3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.
4 MVt gücündə “Şeylanlı” su-elektrik stansiyası layihəsi çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilmiş, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti çəkilmişdir. Stansiyada ildə 19,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır.
Müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su-elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq ildə ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcəkdir. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının qarşısı alınacaqdır.

