XANKƏNDİ
28
MAY2026
Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.
Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60–70-ci illərində tikilmişdir. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdır.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə və turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələr üzrə dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası vardır. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaqdır.

