CƏBRAYIL
9
MAY2026
Şükürbəyli kəndinə köçən sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşmüşdürlər.
Görüş zamanı Prezident İlham Əliyev sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik etmiş, işğal dövründə tamamilə dağıdılmış Şükürbəyli kəndinin yenidən qurularaq müasir yaşayış məntəqəsinə çevrildiyini bildirmişdir. O, kənddə məktəb, musiqi məktəbi, uşaq bağçaları, tibb məntəqəsi və yaşayış üçün zəruri infrastrukturun yaradıldığını qeyd etmişdir. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, Cəbrayıl rayonunda məşğulluğun təmin olunması, kənd təsərrüfatının və sənayenin inkişafı istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulamışdır.
Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişdirlər. Görüşdən sonra sakinlərə yeni evlərin açarları təqdim olunmuşdur.

