AĞDƏRƏ
13
Yanvar2026
Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoymuşdur.
Xüsusi Əməliyyat Mərkəzinin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaqdır. Burada təlim sahələri, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaqdır.
Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaqdır.

