AĞDƏRƏ
13
Yanvar2026
Aşağı Oratağ kəndində görülmüş işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olmuşdur.
Kənddə ümumilikdə 308 fərdi ev vardır. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaqdır. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıtmışdır.
Aşağı Oratağ kəndində sosial infrastrukturla bağlı bir sıra işlər görülmüşdür. Belə ki, burada 2 ədəd transformator və qaz xətti bərpa olunmuş, yeni elektrik, qaz və rabitə xətləri çəkilmiş, su nasosu istifadəyə verilmiş, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənmiş, subartezian quyusu təmir edilmişdir. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunmuşdur. Sakinlərin istirahəti üçün park salınmış, futbol meydançası yaradılmışdır.
Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkmiş, yeni evdə yaradılmış şəraitlə tanış olmuşdur.

