ZƏNGİLAN
28
Oktyabr2025
Məmmədbəyli kəndinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli kəndinin açılışında iştirak etmişdir.
Kəndin ümumi sahəsi 51,6 hektardır. Burada 188 fərdi ev inşa edilmişdir ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanmışdır. Kənddaxili yollar asfaltlanmışdır. Evlərdə günəş panelləri quraşdırılmış, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin edilmişdir. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası inşa olunmuşdur.
Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilmişdir. Bu keçid vasitəsilə 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadə edilməsinə rahat şərait yaradılacaqdır.
