KƏLBƏCƏR
21
Avqust2025
Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, kənd sakini Vəkil Mamedovun evinə baş çəkmişdirlər.
Dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət etmişdirlər.
Xaçın çayının sahilində yerləşən Vəngli kəndi Ağdərə rayonunun eyniadlı inzibati-ərazi dairəsinə daxildir. Hazırda kənddə müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Burada 4 transformator və 3 kilometr uzunluğundakı mövcud elektrik xətti artıq təmir edilmişdir. Bundan əlavə, hazırda 1,5 kilometr uzunluğunda elektrik xəttin çəkilməsi işləri görülür.
Kənddə 60 ev su ilə təmin olunmuşdur. Sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaqdır. Mövcud qaz xətti bərpa edilmiş, 3500 poqonometr xəttin isə bərpası nəzərdə tutulmuşdur. Bundan başqa, kəndə yeni qaz xətti çəkilmiş və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılmışdır.
Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün park salınmışdır. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolaqları yaradılaraq hər cür şərait təmin edilmişdir.

