KƏLBƏCƏR
21
Avqust2025
Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdirlər.
Yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaqdır. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcəkdir. Burada dördmərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaqdır.
Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaqdır. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcəkdir. Ərazidə həmçinin genişmiqyaslı yaşıllıq zonalarının salınması nəzərdə tutulur.
