XOCALI
18
İyul2025
Xocalının Xanyurdu kəndinə səfər və sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olmuş, Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşərək onlarla söhbət etmişdir.
Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə artıq 40 fərdi ev əsaslı şəkildə bərpa olunmuşdur. İlin sonunadək daha 65, 2026-cı ildə isə əlavə 93 fərdi evin təmir və bərpası nəzərdə tutulmuşdur. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıtmışdır.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilmiş, sayğaclaşdırma prosesinə başlanılmış, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilmiş, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunmuş, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilmiş, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilmiş, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunmuşdur. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanmışdır. Kənddə bir hektar sahədə istirahət parkı salınmışdır.
Hazırda ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir.

