AĞDAM
18
İyul2025
Qiyaslı məscidinin bərpadan sonra açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısında olan Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən olmuşdur. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalmış, dam örtüyü və günbəzlər tamamilə dağıdılmışdır.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılmışdır. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılmışdır. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunmuşdur. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərdiyi üçün həmin divarda minarələr inşa edilmişdir. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunmuş, daş tağlar və günbəzlər yenidən qurulmuşdur. Divarlarda ilkin görkəmini itirmiş və əsasən, tökülmüş suvaq təmir olunmuş, yararsız hala düşmüş mehrab bərpa edilmişdir. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulmuş, köhnə daşlar arasındakı tikişlər təmizlənmişdir. Məscidin ətrafında köməkçi tikililər inşa olunmuşdur.

