YANVAR – İYUN, 2022

26

May

Zəngilan şəhərinin Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan şəhərinin Baş planı ilə tanış olmuşdurlar.

Baş plan bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu – İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanmışdır. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcəkdir. Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər, yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaqdır. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir.