8
Noyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
Nazir Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdıqdan sonra Zəfər Günü münasibətilə öz adından da dövlətimizin başçısını təbrik etmişdir.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirmiş, Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırıldığını vurğulamışdır.