İYUL – DEKABR, 2022

27

Sentyabr

Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirmişdir ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaqdır. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılmışdır.

Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaqdır. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaqdır. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaqdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcəkdir.