İYUL – DEKABR, 2022

19

Oktyabr

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılış mərasimi

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısına Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirmişdir ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzləndirilmişdir. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatdırılmışdır. Eyni zamanda yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilmiş, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilmiş, 18 avtobus dayanacağı quraşdırılmışdır.