YANVAR – İYUN, 2022

16

İyun

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzdir. Mərkəzin Bakıda təşkil etdiyi “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdirlər.

Forumun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləmişdir. İlk öncə Forum iştirakçılarını salamlayan Prezident İlham Əliyev qlobal dünya nizamını təhdid edən mühüm təhlükəsizlik problemlərinə toxunduqdan sonra İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olan torpaqlarımızda aparılan dirçəliş prosesi barədə danışmışdır.

Çıxışı zamanı regionda müharibədən sonrakı vəziyyətə, Qafqazda regional təhlükəsizliklə bağlı məsələlərə də diqqət çəkən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının və kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının regional sülhün fundamental elementlərindən olduğunu və bu gün sülh, əməkdaşlıq yaratmaq üçün bütün şərtlərin və fürsətlərin mövcud olduğunu bildirmişdir.