İYUL – DEKABR, 2022

27

Sentyabr

Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Prezidentin köməkçisi Anar Ələkbərov bildirmişdir ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilmişdir. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlamışdır. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılmış, tavanlar bərpa olunmuş və rənglənmiş, qapı və pəncərələr qoyulmuşdur. Dağılmış divar bərpa edilmiş, zədəli divarda bərkitmə işləri aparılmışdır. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunmuşdur. Evin çöl pilləkəni yenidən qurulmuş, döşəmə daşlarının dağılmış hissələri bərpa edilmişdir. Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülmüşdür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir.

Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilmişdir. Bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir.

Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcəkdir. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur. Təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.