YANVAR – İYUN, 2022

26

İyun

Kəlbəcər rayonunda hərbi hissənin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev şəxsi heyəti salamlamış və hərbçiləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişdir.

Çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdir: “Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm ki, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu. Vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır. Bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur”.

Sonra Azərbaycan Respublikası Prezidentinin komando hərbi hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunmuşdur. Polkovnik-leytenant Fəxrəddin Cavadov döyüş bayrağını Ali Baş Komandandan qəbul edərək and içmişdir. Sonra komando hərbi hissəsinin şəxsi heyəti Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etmişdir. Ali Baş Komandan “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik etmişdir. Şəxsi heyət təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçmişdir.

Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yeməkxanası, tibb məntəqəsi, əsgər yataqxanası ilə tanış olmuş, yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə maraqlanmışdır. Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində uzunömürlülük rəmzi kimi çinar ağacı əkmiş, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etmişdir.