İYUL – DEKABR, 2022

9

Dekabr

İşğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək müasir təcili tibbi yardım avtomobilləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olmuşdur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat vermişdir ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir. Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan, ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınmışdır. Həmçinin xüsusi 2 diferensiallı (4×4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunmuşdur.

Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilmişdir. Avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.