İYUL – DEKABR, 2022

7

Noyabr

Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə raport verdikdən sonra dövlətimizin başçısı hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyaraq burada ağac əkmişdir. Hərbi şəhərciyin qərargah binası, əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə və eləcə də mənzillərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev hərbçilərlə birgə foto çəkdirmiş, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etmişdir.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirmişdir ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-çamaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar vardır. Şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur.