İYUL – DEKABR, 2021

3

Oktyabr

Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Tərtər şəhərində dağılmış evin əvəzinə tikilən yeni evdə yaradılan şəraitlə tanışlıq

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxmış və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olmuşdur.

Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilmiş, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdır. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir. 62 ev demək olar ki, tam dağıdılmışdır. Onların 36-sı tamamilə hazır edilərək təhvil verilmişdir. Digər 26-da isə son tamamlama işlərinin yaxın günlərdə başa çatacağı gözlənilir. Evlərlə yanaşı döyüşlər zamanı Tərtərdə 17 məktəb dağıdılmışdır. Ölkə rəhbərinin sərəncamı ilə həmin məktəblər tam təmir olunmuşdur. Modul tipli bir məktəb hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanmış, yaxın günlərdə inşasına başlanılacaqdır.

Döyüşlər zamanı 184 sahibkarlıq obyekti dağılmışdır. Onların artıq hamısı təmir olunmuşdur. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdır. Prezident İlham Əliyevin sərəncamına əsasən əmlakına ziyan dəyən insanlara 6 milyon 202 min manat, eyni zamanda 545 baş heyvan üçün kompensasiya ödənilmişdir. Ümumilikdə 6 milyon 794 min 200 manat verilmişdir. Səngər qazılan, mərmi düşməsi nəticəsində dağılan əkin sahələrinə dəyən ziyanın qarşılığı ödənilmişdir.