İYUL – DEKABR, 2021

26

Oktyabr

“Dost Aqropark”ın təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoymuş və aqroparkın ərazisində çinar ağacı əkmişdirlər. Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxmışdırlar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim etmişdir.

Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaqdır. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcəkdir. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər həyata keçiriləcəkdir. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaqdır.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaqdır. Bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcəkdir. Bu kompleks bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcəkdir. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaqdır. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaqdır.