YANVAR – İYUN, 2022

28

Aprel

“Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans

ADA Universiteti tərəfindən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Aprelin 28-29-da keçirilən və 23 ölkədən 40 iştirakçının qatıldığı konfransın əsas müzakirə mövzusu Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar olmuşdur. “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdır. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdir.

Konfrans öz işinə aprelin 28-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində başlamışdır. Şuşaya səfər zamanı qonaqlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişdirlər.

Konfransın 2-ci günü aprel ayının 29-da ADA Universitetində davam etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda iştirak etmişdir. Konfransda çıxış edən ölkə rəhbəri ilk öncə ADA Universitetinin rəhbərliyinə konfransın təşkilinə görə, ölkəmizə və Şuşaya səfər etdiklərinə görə isə bütün iştirakçılara dərin təşəkkürünü bildirmişdir. Çıxışı zamanı Prezident İlham Əliyev bu yaxınlarda Ermənistandan müsbət cavab aldıqlarını, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Ermənistanın sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupun yaradılmasına razılıq verdiyini demişdir. Dövlət başçısı həmçinin bildirmişdir ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, o zaman Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır.