İYUL – DEKABR, 2022

20

Oktyabr

Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoymuşdurlar.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verərək bildirmişdir ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini Azərbaycan Prezidenti 2021-ci il fevralın 14-də qoymuşdur. Layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcəkdir. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcəkdir. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır. Təməli qoyulan Qumlaq stansiyası ümumilikdə 1,69 hektar ərazini əhatə edir. Stansiya modern üslubda dizayn edilmiş və platforma, stansiya binası, avtomobil, avtobus və taksi dayanacaqlarından ibarətdir. İstismara verildikdən sonra stansiya gündəlik olaraq 150-200 nəfər sərnişinə xidmət göstərəcək, habelə müvafiq istiqamətlərdə yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan yaradacaqdır.