İYUL – DEKABR, 2021

4

Oktyabr

“Cəbrayıl” yarımstansiyasının açılış mərasimi

Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də yarımstansiyanın açılışında iştirak etmişdir.

Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilmişdir. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənmişdir. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülmüşdür. Yeni yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu tikilmişdir. 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılmışdır. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilmiş, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılmışdır. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulmuş, eyni zamanda enerji sistemi mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılmışdır.