İYUL – DEKABR, 2021

20

Oktyabr

Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olduqları zaman rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdurlar. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulmuşdur.

Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaqdır. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılmışdır. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşmışdır. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq, piyada və velosiped yolları çəkiləcəkdir.

Kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcəkdir. Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilmiş və lazımi innovativ texnikaların siyahısı hazırlanmışdır. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaqdır. “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanmışdır. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilmiş və əkin üçün hazırlığa başlanılmışdır. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılmışdır. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulmuşdur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaqdır. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcəkdir.