YANVAR – İYUN, 2024

18

May

Zəngilan məscidinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak etmişdirlər.

Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Məscidin tikintisini “PAŞA Holdinq”in dəstəyi ilə Heydər Əliyev Fondu həyata keçirmişdir. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparmış və buna əsasən binanın konservasiyasına qərar verilmişdir.

Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilmişdir. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilmişdir. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılmışdır. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılmışdır. İnteryerdə nəqqaşlıq işləri aparılmış, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənmişdir. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanmışdır. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir.