YANVAR – İYUN, 2022

26

May

Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.

Hava limanının perronunda torpaq işləri tamamlanmış və uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaqdır. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir.

Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılmışdır. Avqustun sonunda terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulmuşdur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcəkdir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaqdır. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilmişdir.