İYUL – DEKABR, 2022

27

Sentyabr

Yuxarı Gövhər Ağa məscidini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət etmiş, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bildirmişdir ki, Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinə 2021-ci ilin noyabr ayından başlanılmışdır. İşğal müddətində ermənilər tərəfindən dağıdılmış məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında aparılır.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülmüşdür. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılmışdır. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılmışdır. Minarələrin boya işlərinə başlanılmışdır. Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir. Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.