İYUL – DEKABR, 2022

7

Noyabr

Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 7 noyabr 2022-ci il tarixində Vaşinqtonda görüşmüşdürlər. Görüşün baş tutduğu Blair House-da nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilmişdir.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparmış, hələ də həll edilməli olan bir sıra məsələlərin olduğunu qeyd etmişdirlər. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq etmişdirlər.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlmişdirlər.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürlərini bildirmişdirlər.