26
Noyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə üçtərəfli görüş keçirilmişdir.
Görüşün əsas müzakirəsini Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq, humanitar xarakterli məsələlərlə bağlı irəliləyiş əldə etmək və nəhayət iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün həm dəmir yolunu, həm də avtomobil yollarını özündə ehtiva edən nəqliyyat dəhlizinin açılması təşkil etmişdir.
Tərəflər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan sonra bir il müddətində iki ölkə arasında baş vermiş qarşıdurmalara son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə sülh, sabitlik və təhlükəsizlik şəraitində qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlamaqda da maraqlı olduqlarını dilə gətirmişdirlər.
Görüşdən sonra mətbuata bəyanatla çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan əsasən konstruktiv şəkildə işləyərək gündəlikdəki bütün məsələləri müzakirə edərək yaranmış vəziyyəti dərindən təhlil etdiklərini, mühüm olan bir sıra məsələlər barədə razılığa gəldiklərini və Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq məsələlərdə maraqlı olduqlarını bildirmişdirlər.