28
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Tağıbəyli kəndinin təməlini qoymuşdur.
Kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcəkdir. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaqdır. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcəkdir.