YANVAR – İYUN, 2021

12

May

Şuşada yeni məscidin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva may ayının 12-də Azərbaycanının mədəniyyət paytaxtı Şuşa şəhərində yeni məscidin təməlqoyma tədbirində iştirak etmişdirlər.

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaqdır. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilmişdir. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcəkdir. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcəkdir.

Şuşada yeni məscidin təməlini qoyan Prezident İlham Əliyev bildirmişdir: “Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunduqdan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıtmışdır. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhər Ağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilmişdir. Yuxarı Gövhər Ağa məscidi artıq təmirdən çıxmışdır. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır”.

8 rəqəmini əks etdirən məscidin memarlıq üslubu rəmzi xarakter daşıyır və Şuşanın işğaldan azad edildiyi və artıq rəsmi olaraq Azərbaycan tarixinə Zəfər Günü olaraq düşən 8 noyabr tarixini özündə təcəssüm etdirəcəkdir. Məscidin iki minarəsi isə Şuşa və Qarabağın tam işğaldan azad edildiyi noyabr ayını özündə ehtiva edən 11 rəqəmini əks etdirəcəkdir.

Məscidin Şuşa şəhərinin yuxarı hissəsində inşa ediləcəyini bildirən ölkə prezidenti qeyd etdi: “Məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyildir. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcəkdir. Həm yuxarıdan baxanda, həm də aşağıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır. Məscidin yeri də təsadüfən seçilməmişdir. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınmışdır. Azərbaycanlılar həmişə burada yaşamışdırlar. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdır. Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir”.

Ölkə prezidentinin sözlərinə görə məscidin təməlqoyma günü də təsadüfən seçilməmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını mübarək Ramazan bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyev, məhz Ramazan bayramı ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsinin böyük tarixi və rəmzi xarakter daşıdığını bildirmişdir.