İYUL – DEKABR, 2022

27

Sentyabr

Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Prezidentin köməkçisi Anar Ələkbərov bildirmişdir ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaqdır.

Binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılmış, işğal dövründə binanın dağılmış hissəsi yenidən tikilmiş, sonradan inşa olunmuş əlavə tikililər isə sökülmüşdür. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılmış, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanmışdır. Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.