İYUL – DEKABR, 2022

27

Sentyabr

Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirmişdir ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılmışdır. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaqdır. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaqdır.

Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Məhz bu baxımdan mərkəz karvansaray konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilmişdir. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaqdır. Fasadın üzlənməsində isə şəhərin tarixi binalarının tikintisində işlədilən Şuşa daşından istifadə ediləcəkdir.