İYUL – DEKABR, 2023

21

İyul

Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olmuş, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoymuşdur.

Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaqdır. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev – ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcəkdir. Kənddə həmçinin məscid, bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, hotel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.

Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda hotel və istirahət mərkəzi tikiləcəkdir. Hotel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaqdır. Ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaqdır.