YANVAR – İYUN, 2022

20

Mart

Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı

“Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 20-də təqdimatda iştirak etmişdirlər.

Ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. İzolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır.