YANVAR – İYUN, 2022

20

Mart

Suqovuşan qəsəbəsindəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olmuşdurlar. 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşmüşdür. Bu evlərdən biri əsaslı təmir olunmuşdur.

Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənmişdir ki, bu da evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan hissəsində isə suyadavamlı boya materialından istifadə olunmuşdur. Evin damı metal kirəmitlə örtülmüş, terrasa keramika döşənmiş, tavanı isə taxta materialdan hazırlanmışdır. Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunmuşdur. Həyətyanı sahə abadlaşdırılmış, ərazidə ağaclar əkilmişdir. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilmiş, yola asfalt örtüyü döşənmişdir.