İYUL – DEKABR, 2021

9

Oktyabr

Şükürbəyli-Cəbrayıl-Hadrut, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Şükürbəyli-Cəbrayıl-Hadrut, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilmişdir. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaqdır. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri aparılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcəkdir.

Başlanğıcını Zəfər yolundan götürən Füzuli-Hadrut avtomobil yolu yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaqdır. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaqdır.