31
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında oktyabrın 31-də Soçidə ikitərəfli görüş keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısı və Ermənistanın baş nazirinin təşəbbüsü ilə keçirilən bu görüşün 2020-ci və 2021-ci illərdə nail olunmuş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək baxımından əhəmiyyətli və vacib olduğunu bildirmişdir. Rusiyanın münaqişənin nizamlanmasındakı rolunu yüksək dəyərləndirdiyinə görə dövlətimizin başçısına təşəkkür edən Vladimir Putin hazırda Rusiyalı sülhməramlı kontingentin öz missiyasını lazımınca yerinə yetirdiyini qeyd edərək bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcəyini vurğulamışdır. İqtisadi xarakterli mühüm tərkib hissəyə toxunan Vladimir Putin hələ iki il bundan qabaq haqqında danışılan məsələlərin həlli baxımından baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun yaradıldığını və onların bu istiqamətdə kifayət qədər irəlilədiklərini vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində dəvətə və Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə təşəkkür edərək iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu və Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, bu baxımdan da burada praktiki olaraq müzakirə edilməli məsələ qalmadığını, bugünkü görüşün isə regional məsələlərə həsr edildiyini bildirmişdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə gəlincə dövlətimizin başçısı bu məsələnin çox ciddi addımlar tələb edən format olduğunu bildirmiş, Azərbaycanın bu istiqamətdə beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan 5 əsas prinsip irəli sürdüyünü və bu əsasda normallaşmaya nail olmağın mümkünlüyünü qeyd etmişdir.