İYUL – DEKABR, 2022

16

Sentyabr

Səmərqənddə ikitərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə sentyabrın 16-da Səmərqənddə görüşü olmuşdur. Görüş zamanı Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə şad olduğunu bildirən Prezident Vladimir Putin təşkilat daxili və ikitərəfli münasibətlərə toxunduqdan sonra Ermənistan-Azərbaycan sərhədində vəziyyətin yenidən kəskinləşməsinin hamını ciddi narahat etdiyini dilə gətirmiş, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanla danışdığını və əlaqələndirilmiş səylər sayəsində eskalasiyanı dayandırmağın mümkün olduğunu bildirmişdir.

Prezident İlham Əliyev də öz növbəsində müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra inkişaf edən ikitərəfli münasibətlərə toxunaraq Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Prezident Vladimir Putinə təşəkkürünü bildirmişdir. Prezident İlham Əliyev döyüş toqquşmalarının 8 saatdan az davam etdiyini və artıq atəşkəs rejiminə riayət olunduğunu bildirmiş, indi isə əsas məsələnin başlamaqda olan normallaşma prosesini pozmamaq, bu istiqamətdə irəliləmək olduğunu qeyd etmişdir. Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayan Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiq qaldığını və Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyini vurğulamışdır.