YANVAR – İYUN, 2021

11

Yanvar

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə yanvarın 11-də Moskva şəhərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmişdir.

Görüş zamanı Vladimir Putin 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişatını, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifini qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirmiş, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etdiklərinə görə təşəkkür etmişdir.

Üçtərəfli görüşdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata bəyanatla çıxış etmişdirlər. Ölkə rəhbərləri 10 noyabr tarixli üçtərəfli Bəyanatın uğurla həyata keçirildiyini və Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyini bildirmiş, gələcəkdə birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməli olduqlarını vurğulamışdırlar.

Üçtərəfli görüşün son dərəcə vacib və faydalı olduğunu hesab edən dövlət başçıları, bölgədəki vəziyyətin inkişafı, iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımların atılması, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunması məqsədi ilə üç hökumətin baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacağını qeyd etmişdirlər.