19
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı ilə tanış olmuşdurlar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verərək bildirmişdir ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaqdır. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcəkdir. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilmişdir.
Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaqdır. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcəkdir.
Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.