YANVAR – İYUN, 2022

26

İyun

“Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanış olmuşdur.

Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilir. Yüksəkgərginlikli xəttin üzərindəki ildırım ötürücü funksiyalı 24 damarlı fiber-optik kabellə internet xətti çəkilir ki, bu da enerji sisteminin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsini təmin edəcəkdir.

Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyasında idarəetmə mərkəzi, açıq və qapalı paylayıcı qurğular yaradılır. Yarımstansiyanın ərazisində işçi heyət üçün yataqxana binası tikilir, lazımi şərait yaradılır.