İYUL – DEKABR, 2021

29

Avqust

“Qarabağ” otelinin açılış mərasimi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” otelinin açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da açılışda iştirak etmişdirlər.

1980-ci ildə inşa edilən otelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırmış və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdür. Şuşa şəhəri işğaldan azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, oteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlanılmışdır. Müasir səviyyəyə çatdırılan oteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Burada müxtəlif kateqoriyalı otaqlar vardır. Binada restoran və bar qonaqların ixtiyarına veriləcəkdir. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılmışdır. Otel ərazisində avtomobil dayanacağı da inşa edilmişdir. Otelə yaxın olan parkın ərazisi abadlaşdırılmış, fəvvarələr qurulmuş və park işğaldan əvvəlki görkəminə qaytarılmışdır.