YANVAR – İYUN, 2023

9

Mart

Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunun açılış mərasimində iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına da toxunmuş, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanın münaqişəni dinc yolla həll etməyə çalışdığını, lakin Ermənistanın bu istiqamətdə konstruktiv yanaşma göstərmədiyini bildirmiş,  bu səbəbdən də İkinci Qarabağ müharibəsi nəticəsində güc tətbiq edərək öz torpaqlarımızı işğaldan azad etdiyimizi və hazırda 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazidə yenidən quruculuq işlərinin davam etdiyini qeyd etmişdir.

“Beləliklə, hazırda sülh üçün vaxt yetişib” – deyə bildirən Prezident İlham Əliyev 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan tərəfinin sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyünü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdiyimizi vurğulamış, Ermənistan tərəfinin bu şansı əldən buraxmayacağına ümid etdiyini qeyd etmişdir. Azərbaycandakı erməni azlığına gəldikdə isə, Prezident İlham Əliyev Azərbaycanın yüksək dini və etnik dözümlülüyü ilə seçilən çoxkonfessiyalı, çoxmillətli, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkə olduğunu, Azərbaycanda azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatlarının işğal dövründən fərqli olaraq daha yaxşı olacağına əmin olduğunu bildirmişdir.