İYUL – DEKABR, 2022

6

Oktyabr

Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan televiziya kanallarına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə vermişdir. Müsahibə zamanı sülhə yavaş-yavaş yaxınlaşdığımızı bildirən ölkə başçısı bu sahədə göstərdiyi səylərə görə Şarl Mişelin də fəaliyyətini yüksək qiymətləndirmişdir. Şarl Mişel və Emmanuel Makron tərəfindən Praqada təşkil edilmiş dördtərəfli görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacağını vurğulamışdır.

Sülh prosesinə artıq təkan verildiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk görüşün keçirildiyini və tezliklə ikinci dəfə görüşəcəklərini qeyd etmişdir. Hər iki ölkənin işçi qruplarının nazirlərin ikinci görüşündən sonra bir araya gələrək bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul ola biləcəklərini bildirmişdir.

Müsahibə zamanı Prezident İlham Əliyev dördtərəfli görüşdə həmçinin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırıldığını, bunun bizə qarşı növbəti cinayət, növbəti terror aktı olduğunu, 250-dən çox azərbaycanlının müharibədən sonra yaralandığını və ya həlak olduğunu və bizə qarşı davam edən erməni terroruna son qoyulmalı olduğunu qeyd etdiyini də bildirmişdir. Dünya ictimaiyyətinin artıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması reallığını dərk etdiyinə, Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı olmadığına və bu prinsipləri tərəflərin qəbul etdiyinə toxunan ölkə başçısı, Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımız olduğunu və onların taleyini, gələcək həyatını, hər hansı bir ölkə ilə müzakirə etmək fikrində olmadığını qeyd etmişdir. Prezident İlham Əliyev eyni zamanda bildirmişdir: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqdırlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”

Sonda koridor məsələsinə toxunan Prezident İlham Əliyev, bunun 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın öhdəliyi olduğuna, Ermənistan tərəfin bu öhdəliyi yerinə yetirməkdən hələ də boyun qaçırtdığına, bu mövzuda Azərbaycan tərəfinin hələ də səbr etdiyinə, təmkin göstərdiyinə diqqət çəkmiş və bu mövzunun irəlidə ölkə rəhbərləri arasında keçiriləcək görüşlərin əsas tərkib hissəsi olacağını bildirmişdir.