İYUL – DEKABR, 2022

4

Oktyabr

Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olmuşdurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən bərpası işlərinə başlanılan Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti tərəfindən hazırlanmışdır. İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaqdır. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcəkdir.

Bu kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alessandro Biançi rəhbərlik edəcəkdir. O, İtaliya ilə yanaşı, Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və sair ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərmiş, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə, treninq və proqramlarda mütəxəssis kimi iştirak etmişdir. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.