15
İyun
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyunun 15-də Şuşada “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxmışdırlar.
Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunmuşdur. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səsləndirilmişdir.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilmişdir. “Xarıbülbül” kompozisiyasındakı Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.
Şuşada təşkil olunan tədbirin qonaqlarına Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə edilmişdir. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.